Panel Araşdırmaları

Panel araşdırmaları, araşdırmanın təkrarlandığı hər dəfə eyni nümunədən məlumat toplayan/əldə edən araşdırmalardır. Panel araşdırmaları dəyişən müştəri tendensiyasını aşkarlamağa ehtiyac olan hallarda faydalıdır.

Panel araşdırmaları çox müştərili tədqiqatlar qrupundadır. İstehlakçı paneli davamlı və reprezentativ nümunədən istehlak meyllərinin müntəzəm toplanmasına əsaslanan bir tədqiqat metodudur.

Araşdırmanın davamlı olaraq aparılması, bazarda “foto” kimi bir anı deyil, “film” kimi bütün prosesi izləmək imkanı verir. Başqa sözlə, panellər mütəmadi və periodik hazırlanır, məhsul qrupu və araşdırılan bazar haqqında davamlı məlumat verir. Anket metodu ilə aparılan işlər yalnız sorğu dövrü haqqında məlumat verir;

Panel nəticələri məhsul qrupları və markalar əsasında hazırlandığından şirkətlərə həm öz markaları, həm də rəqib markaları və bazarın ümumi vəziyyəti haqqında məlumat verir.

Panellər tək bir müştəri üçün aparılan araşdırmalar deyil, tədqiqat nəticələri məhsul qrupları əsasında hesabat formasına salına və nəticələrlə maraqlanan bir çox şirkətə satıla bilər. Panel araşdırmaları bu xüsusiyyəti ilə bütün digər tədqiqatlardan fərqləndirir.

Panel araşdırmalarında hədəf auditoriyalara birbaşa ev təsərrüfatları, ailələr və ya böyük istehlakçılar kimi adlandırılan otellər, restoranlar, bərbərlər istehlakçı panellərinə daxil edilə bilər.

İstehlakçı panellərində iştirakçılardan müəyyən bir dövr üçün bir forma / gündəlik istifadə etmələri xahiş olunur. Başqa sözlə, panel daxilində məhsul alışı, marka, kəmiyyət, qablaşdırma növü, qiyməti, alış nöqtəsi və s. məlumat satın alınma günündə formda (gündəlikdə) qeyd olunur. Gündəlik istifadəsi unutqanlıqdan yarana biləcək səhvləri və qarışıqlığı azaldır. Səhvləri minimuma endirmək üçün gündəlikdən kənar panelə qatılan istehlakçılar təlimləndirilir və məlumatlar komputerə daxil edilməzdən əvvəl və sonra mütəmadi olaraq qeydlər yoxlanılır.

İstehlakçı panel araşdırması ilə aşağıdakı mövzulara cavab tapmaq mümkündür:

  • İstehlakçının hansı məhsulu / markanı aldığı,
  • Bu məhsulu hansı miqdarda aldığı,
  • Bu məhsula nə qədər pul xərclədiyi,
  • Satınalma tezliyi,
  • Bu məhsulu harada və nə vaxt aldıqları 
  • Bazarda mövcud olan promo aksiyalara ishetlakçıların reaksiyaları