İlk olaraq araşdırma haqqında bir az məlumat verək. Call Bus Azərbaycanda Business Insight tərəfindən həyata keçirilən bir OMNİBUS araşdırmasıdır.
Bundan əvvəl Business Insight şirkətinin bir çox araşdırmasını sizlərə təqdim etmişdik. Növbəti maraqlı bir araşdırma olan Call Bus-u da bu gün təqdim etmək istəyirik. İlk olaraq araşdırma haqqında bir az məlumat verək. Call Bus Azərbaycanda Business Insight tərəfindən həyata keçirilən bir OMNİBUS araşdırmasıdır.
Call Bus araşdırması nəticəsində bir çox məqsədlər üzrə məlumat əldə etmək nəzərdə tutulmuşdur. Bu istiqamətlərə məhsul, marka və reklam məlumatlılığı, məhsul, xidmət və şirkətlər üzrə brend imici və populyarlığının öyrənilməsi, məhsul və markanın penetrasiya səviyyəsinin ölçülməsi, müştəri profilinin müəyyən edilməsi, xüsusi maraqlar, həyat tərzinin öyrənilməsi və s. daxildir.
Beləliklə, deyə bilərik ki, sifarişçi şirkətlər marketinq strategiyalarının reallaşdırılması üçün zəruri olan operativ məsələlərin əksəriyyətini, istehlakçı bazarı haqqında məlumat toplamanın ən sadə və daha səmərəli vasitəsi kimi OMNİBUS araşdırmasından əldə edilən məlumata istinadən həll edə bilərlər.
Bunu da vurğulamaq istəyirik ki, OMNİBUS araşdırması üçün müəyyən edilmiş respondent sayı minimum 1067 sorğu həddindədir. Araşdırma xüsusi kvotalar tətbiq edilməklə çox-mərhələli və təsadüfi seçim metodu əsasında reallaşdırılıb.
Sorğuda iştirak edən respondentlərin orta yaşı 39-dur. 51.5% -lə kişilər üstünlük təşkil edir. Gəlir səviyyəsinə nəzər yetirdikdə, şəxsi gəlir orta hesabla 512 AZN, ailə gəliri orta hesabla isə 700 AZN-dir. Gəlir səviyyəsi soruşulduqda cavab verməkdən qaçanlar da az deyil.
Sorğuda iştirak edən respondentlərin 44.8%-i orta məktəb, 35.9%-i isə ali təhsillidir. Qalanları isə texnikum və peşə məktəblərindən məzun olmaqda və ya hal hazırda oxumaqdadırlar.
Mobil telefonunuz smartfon telefondur?
Respondentlərə mobil telefonlarının smartfon olub olmaması soruşulub. Respondentlərin 85% -i smartfon istifadə etdiklərini deyiblər. Smartfon telefonlara sahibliyin artması göstərir ki, mobil telefon bazarımız qlobal tendensiyalardan geri qalmır.
Həmçinin, sorğuda iştirak edənlər ənənəvi kompüterlərdənsə, smartfonlardan istifadə etməyin daha məhsuldar olduğunu qeyd ediblər. Bu isə əsasən yüksək sürətli internetin olması, çoxfunksiyalı kamera, oyunlar, prosessorun məhsuldarlığı, ofis proqramlarına çıxış, ekran ölçüsü kimi göstəricilərə görə əsaslandırılıb.
Gün ərzində internetdə nə qədər vaxt keçirirsiniz?
Respondentlərə gün ərzində mobil telefonları vasitəsilə internetdə cəmi nə qədər vaxt keçirdikləri soruşulub.
Araşdırma nəticələri göstərir ki, karantin dövründə asudə vaxtın çoxluğu, informasiya həcminin artması səbəbindən internetdə sutkada ən azı 3 saatdan çox vaxt keçirənlərin sayı ötən illə müqayisədə artıb. Bu nəticə İnternetdə daha çox «oturan» insanların kiberməkandan asılılıq göstəricilərindən biri sayıla bilər. Sorğuda iştirak edənlər bu suala verdiyi cavablar göstərir ki, ən azından karantin müddətində dəyərlər dəyişərək yeni həyat tərzi formalaşıb, asudə vaxtda məşğuliyyətlər dəyişib.
Respondentlərin 25.3% -i internetdə 1 saata qədər vaxt keçirdiklərini deyib. 2 saata qədər vaxt keçirənlər isə 18.6% təşkil edir.
Maraqlı tapıntılardan biri odur ki, 3 saata qədər internetdə vaxt keçirənlər arasında paytaxt sakinləri çoxluq təşkil etsə də, 4-5 saat və 5 saatdan çox internetdə vaxt keçirənlər arasında regionda yaşayanlar daha çoxdur. Qadınların çox cuzi üstünlüyü ilə demək olar ki, internetdə daha çox vaxt keçirmə səviyyəsi qadın və kişilərdə bərabər səviyyədədir. 4-5 saat və 5 saatdan çox internetdə vaxt keçirənlər arasında gənclər (18-40 yaş) 41+ yaş kateqoriyasında olan respondentlərdən daha çoxdur.
Respondentlərin 95.8% -i wifi və ya mobil paket fərq etmədən mobil telefonu ilə internetə qoşulduğunu bildirib.
İnternetdə keçirilən orta vaxt isə 3 saat 40 dəqiqədir.
İnternet üzərindən alış-veriş edə biləcək məlumata sahibsinizmi?
Respondentlərə İnternet üzərindən alış-veriş edə biləcək məlumata sahib olub olmamaları soruşulub.
Araşdırma nəticələri Azərbaycanda elektron ticarətin inkişaf etdiyini sübut edir. Sorğuda iştirak edənlərin demək olar ki, 35%-i artıq geyimdən tutmuş, məişət texnikasına qədər istədikləri məhsulu rahat şəkildə sifariş edə bilirlər.
Təhlillər göstərir ki, internetdə daha çox vaxt keçirmək, xüsusilə, online alış sektoruna öz töhfəsini verib və internet üzərindən alış-veriş etmək haqqında məlumatlılıq artıb. Müqayisəli təhlillərdən məlum olur ki, Bakı sakinlərinin 41%-i online alış-veriş edə bildiyini qeyd etdiyi halda region sakinləri arasında bu göstərici cəmi 28%-dir.
Online alış-veriş edə bilməkdə kişilər qadınlardan öndədir(xüsusilə bakılı xanımlar). Müqayisə cədvəlindən göründüyü kimi gənclər (18-40 yaş – 48%) online alış edə bilməkdə yaşlıları (41+ yaş – 17%) çox açıq fərqlə qabaqlayırlar.
Respondentlərin 27.5% -i internet üzərindən alış-veriş edə bilmədə qismən məlumatlı olduğunu, lakin çətinlik çəkdiyini bildirib. 37.6% isə məlumatlı olmadığını vurğulayıb.
İnternet üzərindən alış-veriş etməyin yaxşı bir fikir olduğunu düşünürsüzmü?
Respondentlərə internet üzərindən alış-veriş etməyin yaxşı bir fikir olub olmadığı soruşulub. 66.7% -i yaxşı fikirdə olduqlarını dedikləri halda, 11.1% cavab verməkdə çətinlik çəkib. Qalan 22.2% isə internet üzərindən alış-verişin yaxşı bir fikir olmadığını düşünüb.
Müqayisəli cədvəldən görünür ki, internet üzərindən alış-veriş etməyin, yaxşı bir fikir olduğuna regionlara (67%) nisbətdə paytaxt sakinləri (67%), qadınlara (64%) nisbətdə kişilər (69%), yaşlılara (62%) nisbətdə gənclər (71%) daha müsbət yanaşıblar.
Maraqlı tapıntı ondan ibarətdir ki, İnternet üzərindən alış-veriş edə biləcəyini qeyd edən 594 nəfərin cəmi 79.5%-i bunun yaxşı fikir olduğunu dəstəkləyir, qalan 16% yaxşı fikir olduğunu dəstəkləmir, 4.5% isə cavab verməyə çətinlik çəkir. Digər tərəfdən internet üzərindən alış-veriş edə bilməyəcəyini qeyd edən 640 nəfərin, yalnız 53.1%-i bunun yaxşı fikir olduğunu dəstəkləyir, 28.3% israrlı şəkildə yenə də bu cür alışlara neqativ yanaşır, 18.6% isə qərarsızdır.
Təhlillər göstərir ki, online alışlara müsbət yanaşmayanlar bunu əsasən məhsullara toxuna bilməmək, çatdırılıcaq məhsulun keyfiyyətinin istənilən səviyyədə olmayacağı və ehtiyaclarına uyğun onlayn alış-veriş etdikləri ilə əsaslandırırlar.
Sırf Karantin dövründə internet üzərindən onlayn hansı məhsul və ya xidmət satın aldınızmı?
Sorğuda iştirak edən 1702 nəfərə «Sırf Karantin səbəbi ilə evdə olduğunuzdan İnternet üzərindən onlayn ödəmələr və ya alış-veriş etdinizmi?» sualı ünvanlanıb. Bu suala verilən cavablar göstərdi ki, sırf karantin səbəbi ilə internetə qoşulan plastik kart sayı 8.1% artıb. Bu o tip seqmentdir ki, heç vaxt internet üzərindən nə xidmət, nə də məhsul almayıblar.
Məlum olmuşdur ki, internet üzərindən ən çox onlayn alınan məhsul və ya xidmətlər sıralamasına kommunal ödənişlər (138 nəfərin 48%-i), geyim (138 nəfərin 17%-i), telefon və internet ödənişləri başçılıq edir.
Maraqlı nəticələrdən biri də odur ki, sırf karantin səbəbi ilə İnternetdən məhsul və xidmət alanların (138 nəfər) cəmi 70%-i gələcəkdə də internet üzərindən alışlara davam edəcəyini qeyd edib, 18% konkret olaraq “xeyr” cavabını versə də 12% qərarsız qaldığını nümayiş etdirib.
Gələcəkdə onlayn alış-veriş etmə ehtimalınızı 10 ballıq şkalaya uyğun olaraq qiymətləndirin
Respondentlərdən gələcəkdə onlayn alış-veriş etmə ehtimalınızı 10 ballıq şkalaya uyğun olaraq qiymətləndirilməsi istənilib. Onların sadəcə 20.4% -i 10 ballıq şkalada maksimum bal qeyd edib. Təəcüblüdür ki, 12.7% -i 0 ilə qiymətləndirib.
Araşdırma nəticələri Azərbaycanda elektron ticarətin inkişaf etdiyini və onlayn satışların artdığını sübut etsə də, digər bir nəticəyə görə bu inkişaf və artış gözlədiyimiz sürətlə getməyəcək.
Respondentlərin gələcəkdə online alış-veriş etmə ehtimalını 10 ballıq şkalaya uyğun olaraq qiymətləndirmələrini NPS balına tətbiq edib hesabladıqda məlum olub ki, NPS balı cəmi 5 baldır. Bu fakt bir daha sübut edir ki, online satışlar artacaq. Amma gözlənilənin əksinə olaraq bu prosses yavaş-yavaş və asta sürətlə baş verəcək.
Karantin ərəfəsində hər hansı məhsul və ya məhsulları almaq üçün evə çatdırılma xidmətlərindən istifadə etmisinizmi?
Aparılan araşdırmaya görə sırf karantin səbəbi ilə məhsul və ya məhsulları almaq üçün evə çatdırılma xidmətlərindən istifadə edənlərin sayı 12.3% artıb. Bu statistika Bakı şəhərində 16%, regionlarda isə 8% təşkil edir. Qeyd edək ki, sorğuda iştirak edən respondentlər heç vaxt evə çatdırılma xidmətlərindən istifadə etməyiblər. Digər tərəfdən evə çatdırılma xidmətlərindən istifadə edən 209 nəfərin 23%-i çatdırılmada bu və ya digər problemlər yaşadığından gələcəkdə evə çatdırılma xidmətlərindən istifadə etməyəcəyini qeyd edib.
Hazırda Azərbaycanda əsasən nəyə yatırım edərdiniz?
Araşdırma nəticələri göstərir ki,vətəndaşlarımızın daşınmaz əmlaka yatırım etmələri üçün imkanlar yaradılmalıdır. Çünki sorğu nəticələri bu sahənin azərbaycanlılar üçün daha cəlbedici olduğunu göstərir. Sorğu zamanı bu haqda fikrinin olmadığını da deyənlər az olmadı.Belə ki, banklar ipoteka şərtlərini yumuşaltmalı, xüsusən vəsaiti dollarda olanlar üçün manatla verilən ipotekaları daha cəlbedici etməlidirlər. Belə olan halda həm bu sahəyə yatırım etmək istəyənləri həm də yastıq altında olan vəsaitlərin bir hissəsini banklara cəlb etmək mümkün olacaqdır.
Aparılan müqayisəli təhlillər zamanı Bakı sakinlərinə toplanan vəsaiti daşınmaz əmlaka yatırmaq, evdə saxlamaq daha cəlbedicidirsə, regionda yaşayanlara kənd təsərrüfatına yatırmaq və banklara əmanət kimi qoymaq daha cəlbedici gəlir. Digər tərəfdən gender baxımından xanımlara daşınmaz əmlak daha cəlbedici görünür. Gənclər yaşlı seqmentə nisbətdə ticarətə daha meyilli görünür və vəsaitin banklara yatırım kimi qoyulması isə gənclərə nisbətdə yaşlılara, kişilərə nisbətdə isə xanımlara daha cəlbedici gəlir.
İqtisadiyyatı canlandırmaq və xaricdən alış (idxal) xərclərini azaltmaq üçün yalnız yerli mallardan istifadə etmək məqsədi ilə bir kampaniya keçirilsə bu kampaniyada iştirak edərsinizmi? Respondentlərə ünvanlanan bu tip suala hər 10 nəfərdən 7-si müsbət cavab vermişdir. Bu da onu göstərir ki, yerli mallar üçün istənilən doğru çağırış təşəbbüsü istehlakçılar tərəfindən rəğbətlə qarşılanacaq və öz səmərəsini verəcəkdir. Aparılan çox müqayisəli təhlillərə əsasən Bakıya nisbətən regionlar, xanımlara nisbətdə kişilər, yaşlı nəslin nümayəndəlrinə nisbətdə isə gənclər bu tip çağırış təşəbbüslərini daha çox dəstəkləyir.Belə ki, Bakıda 68.2% , regionlarda 72.2% respondent bunu təsdiqləyir.
Sizin fikrinizcə nəyin qiyməti yarıbayarı endirilsə, daha yaxşı olar?
1702 respondent arasında aparılan sorğuda əsas gündəlik tələbat mallarından məhsullarını nəzərə almasaq, benzin və məişət texnikası və elektrotexnika məshullarının enməsini gözləyənlər digər kateqoriyalara nisbətdə daha çoxdur.Belə ki, ilk sıralarda benzin 6.5%, texnoloji məhsullar 5.9%, kommunal ödənişlər 5.6%, son sıralarda isə internet ödənişi və siqaret 0.6% faizlə yer alır.
Evinizə içmək üçün qablaşdırılmış qazsız süfrə suyu alırsınızmı?
Qablaşdırılmış içməli su qavrayışının və istehlakının hansı səviyyədə olduğunu araşdırmaq məqsədi ilə soruşulan suala sorğuda iştirak edənlərin demək olar ki, hər 10 nəfərindən cəmi 3 nəfəri pozitiv cavab verib (29%). Bu göstərici Bakı şəhərində nisbətən çox (35.4%), regionlarda isə azdır (21.3%). Qeyd edək ki, sorğuda 490 respondent iştirak etmişdir. Sorğuda iştirak edənlər qeyd edir ki, su istehlakında sağlamlıq baxımından yalnız kəmiyyətə deyil həm də keyfiyyətə diqqət yetirilməlidir. Məhz bu yöndən yanaşdıqda məlum olur ki, ev üçün qablaşdırılmış su alanların 29%-i su markaları içərisində “Sirab” sularına daha çox üstünlük verirlər. Sıralamada “Sirab”-ı 14.7%-lə “Gədəbəy Mineral Suları” şirkətinin brendi olan “Slavyanka”, 10.2%-lə isə “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin brendi olan “Bonaqua” izləyir.
İstifadə etdiyiniz bu su markanızı dostlarınıza yaxınlarınza tövsiyə etmək ehtimalınız nə qədərdir?
Araşdırma nəticələri göstərir ki, Azərbaycanda “Sirab” daha çox istehlak edilsə də, “Slavyanka”-nın müştəriləri digər iki brendə (Sirab və Bonaqua) nisbətdə daha loyaldırlar. Çünki NPS balı “Slavyanka”-da 39, “Sirab”-da 31, “Bonaqua”-da isə 16-dır. Onu da qeyd edək ki, 50+ NPS balı şirkət fəaliyyətinin performansının yaxşı olduğunu göstərir.
Ümumi olaraq isfadə etdiyiniz bu su markasından (perfomans – ümumi olaraq) məmnunluğunuz nə qədərdir? Araşdırma nəticələri növbəti sualın təhlili ilə bir daha sübut edir ki, “Sirab”-ın rəqiblərinə nisbətdə müştəri məmnuniyyəti problemi var. Belə ki, “Sirab”-dan məmnuniyyət səviyyəsi 83.7% təşkil edirsə, “Slavyanka”-nın müştərilərinin məmnuniyyət səviyyəsi 93% təşkil edir.
Mənbə: Markzone.az