Qabyuyan Maşın Penetrasiyası
Araşdırma

2022

Araşdırmalar göstərir ki, insanlar rahatlaşdıqca tez-bazar hazırlanan yeməklərə (fast-food), avtomatik qurğulu mallara, o cümlədən bəyaz əşya mallarının istifadəsinə daha çox maddi vəsait xərcləməyə meyillənirlər.
Ölkəmizdə də bu tendensiya müşahidə olunduğundan Business Insight Bakı şəhərində «mətbəxin qəhrəmanı», «xanımların mətbəxdəki xilaskarı» hesab olunan «Qabyuyan Maşın» bazarının penetrasiyasını ölçmək məqsədi ilə bir neçə istiqamətli (Omnichannel) araşdırma
aparıb.

  • Bakı şəhəri üzrə «Qabyuyan Maşın» penetrasiyası 27% təşkil edir. Bu o deməkdir ki, paytaxt əhalisinin dörddə birinin evində qabyuyan maşını var. Bu
    payın əsas hissəsi yuxarı Sosial Ekonomik Statusa malik (SES) şəhər ev təsərrüfatlarına aiddir.
  • Şəhər kənarında yerləşən mağazalardan da qabyuyan satışının çox az, nadir hallarda olduğu bildirilib. Əhali ilə keçirilən sorğu nəticələri də göstərdi ki,
    qabyuyandan istifadə edənlər əsasən mərkəzi ərazilərdə cəmlənib.
  • Təhlillər isə açıq şəkildə göstərir ki, «orta» seqment Sosial Ekonomik təbəqədəki ev təsərrüfatları qabyuyan maşınların potensial alıcılarıdır. Orta
    seqmentin şərtlərinə uyğun kampaniyalar və reklamlar bu potensialı aktivləşdirə bilər.
  • Analizlərdən növbəti 5 il ərzində ilk alışların üstünlük təşkil edəcəyini söyləmək mümkündür, çünki aşağı SES-lərdə qabyuyan maşınların penetrasiyası çox
    azdır və yuxarı siniflərdə qabyuyan maşınlar hələ çox yenidir.
  • Əhali ilə keçirilən sorğu nəticələri göstərdi ki, evində qabyuyan maşın olmasına baxmayaraq ondan istifadə etməyənlərə də rast gəlinib. Beləki, evində qabyuyanı olan 203 respondentdən 36-sı qabyuyandan istifadə etmədiyini qeyd edib.
  • Bu 36 nəfərin əksəriyyəti (77%) qabyuyanı «hələ quraşdırmamışam / hələ ehtiyac duymuram» deyə bildirib. Onlardan 3%-i «cehiz aldığını», 6%-i «xarab olduğunu», 6%-i isə «qabları yaxşı təmizləmədiyini» əsas gətirərək qabyuyandan bu səbəblərə görə istifadə etmədiyini qeyd edib. 
  • Qabyuyandan istifadə edən 167 respondentin cəmi 34%-i qabyuyandan «hər gün», 26%-i isə «həftədə bir dəfə» istifadə etdiyini qeyd edib.
  • Evlərdə olan brend penetrasiyasına baxdıqda «Bosch»un penetrasiyasının daha güclü olduğunu görürük. «Bəs qabyuyan maşınınız hansı markadır?»
    sualına verilən cavablar göstərir ki, «Bosch» 25%-lə bazar lideridir. TOP 3-ü ikinci sırada «Samsung», 3-cü sırada isə «LG» tamamlayır.
  • Sorğu nəticəsində “Bosch” markalı qabyuyanı istifadə edənlərin əksəriyyətinin qabyuyan maşını Baku Electronics mağazalarından aldığı məlum olub.
  • Mağazalarda brendlərin penetrasiyasını ölçdükdə məlum oldu ki, 148 mağazada vitrinlərdə 1368 ədəd qabyuyan maşın var.
  • Əlavə olaraq vitrinlərdə olan brendlərin penetrasiyasına baxdıqda görürük ki, vitrinlərdə 30 adda qabyuyan brendi var. Onlardan 58.8%-i TOP 5 brendin
    payına düşür. Qalan 41.2% isə digər markalara aid qabyuyanlardır. Keçən ilə nisbətdə vitrinlərdə sərgilənən brendlərdə də dəyişiklik var. Mağazalarda
    Multibrendləşmənin getdiyi müşahidə olunur. Ümumiyyətlə son 5 ilin nəticələrinə görə bazara 5-6 yeni brend daxil olur.
  • Vitrinlərdə «Beko» 24.8%, «Bosch» 10%, «Samsung» 9.8%, «Vestel» 7.8% və «Gorenje» isə 6.3% penetrasiyaya sahibdir.
  • Soliton mağazalarında ən çox satılan qabyuyan brendinin “Beko” olduğu məlum olub.
  • Qabyuyan maşında istifadə edilən yuyucu vasitələr bazarında o qədər rəqabət olmasa da, penetrasiyanı ölçdükdə məlum olur ki, «Finish» daha çox evdə
    var. «Qabyuyan maşında hansı marka qabyuyucu vasitədən istifadə edirsiniz?» sualına qabyuyandan istifadə edənlərin (167 respondent) 50%-i «Finish»
    brendinin adını çəkib. «Fairy» tabletlərindən qabyuyanda istifadə edənlər 34% təşkil edir. «Somat» qabyuyucu vasitədən istifadə edən seqmentin isə cəmi
    2.4% olduğu məlum olub. Buna baxmayaraq, Fairy Finish-ə nisbətdə daha keyfiyyətli yuyucu vasitə kimi qavranılır (70%). Sınaqdan keçirdikdən sonra
    Finish-ə nisbətdə Fairy-yə loyal olanlar daha çoxdur (21%). Təhlillər Fairy istifadəçilərinin sınadıqdan sonra 30%-nin loyal olduğunu göstərir. Fairy müxtəlif
    aktivitələrə müştəriyə sınandırılmalıdır.

Qabyuyan Maşın Penetrasiyası Araşdırması

Qabyuyan Maşın Penetrasiyası Araşdırmasının nəticələrini və hesabatını aşağıdakı formu dolduraraq pulsuz yükləyə bilərsiniz.