Bildiyiniz kimi, keçən günlərdə Business Insight şirkəti tərəfindən edilən maraqlı araşdırmaları sizlərlə bölüşmüşdük. Bu səfərki araşdırma isə ən çox radio sevərlərə maraqlı olacaq. Daha doğrusu avtomobil istifadə edərkən radiodan zövq alanlara

İllər keçsə də, texnologiyada çox irəliləyişlər olsa da, avtomobil istifadəçiləri üçün sükan arxasında olarkən radio dinləmək hələ də ən zövqlü fəaliyyətlərdəndir. Bəs Azərbaycanda ən çox dinlənilən radio kanalları hansılardır?

Business Insight şirkəti bu suala cavab tapmaqla maraqlı bir araşdırma etmişdir. Belə ki, şirkət 555 avtomobil sürücüsü arasında “ən çox dinlənilən radio kanalları” adı altında May ayı ərzində sorğu həyata keçirib. Qeyd etmək istəyirik ki, sorğu nəticələri daha operativ əldə etmək üçün telefonla həyata keçirilmişdir.

TOP 5 radio kanalları

Araşdırma nəticələrinə görə hər 10 avtomobil sahibindən 7-si, yəni 70% -i radioya qulaq asır. Ən çox dinlənilən TOP 5 radio kanalları isə, sırası ilə «106.3 FM», «90 FM», «107.7 FM», «105.5 FM» və «106 FM»-dir.

Bakı və regionlar üzrə fərqləndirmə etsək, deyə bilərik ki, Bakıdakı avtomobil sahibləri daha çox Azad Azərbaycan radiosuna (106.3 FM) qulaq asır. Regiondakı sürücülər arasında reytinq cədvəlində isə nisbətən İctimai radionun (90 FM) üstünlüyü ilə Azad Azərbaycan radiosu(106.3 FM) başçılıq edərək birinci və ikinci yerləri bölüşməkdədirlər.

Araşdırma nəticələrinə görə hər 3 nəfərdən biri radioya qulaq asmır (30%). Bu seqmentin əksəriyyətini gənclər, əsasən, 18-40 yaş arasında olanlar təşkil etməkdədir. Belə ki, radioya qulaq asmadığını deyən 164 respondentin 68.3%-ni 40-yaşa qədər gənc sürücülər, qalan 31.7%-ni isə 40 və üzəri yaş qrupunda olan sürücülər təşkil edir.

Maraqlıdır ki, 40 yaşa qədər olan gənc sürücülərin dinlədiyi  radio kanalları arasında 105.5 FM-i dinləyənlər daha çoxdur. Belə ki, sorğuda iştirak etmiş 40 yaşa qədər olan respondentlərin 39 nəfəri (18%) 105.5 FM, 38 nəfəri (17.5%) 106.3 FM, 34 nəfəri (15.7%) isə 107.7 FM-i dinlədiyini qeyd edib. Sorğuda iştirak etmiş 40 yaş üstü sürücülər arasında isə ən çox dinlənilən TOP 3 radio kanalı kimi sırası ilə 106.3 FM (23 nəfər -13.5%), 90 FM (23 nəfər – 13.5%) və 106 FM (20 nəfər -11.8%) qeydə alınıb.

Bir maraqlı nəticə də yeni və köhnə avtomobil sahibləri arasında ortaya çıxmaqdadır. Belə ki, araşdırma nəticəsində məlum olub ki, yeni avtomobil sahibləri köhnə avtomobil sahiblərinə nisbətdə radioya daha az qulaq asırlar. Həmçinin təhlillər göstərir ki, radioya qulaq asmadığını deyən 164 respondentdən 73.3% -i 2010-cu il və üzəri buraxılış ili olan yeni avtomobil sahibləri, qalan 26.7% -i isə 2010-cu ilə qədər buraxılış ili olan köhnə avtomobil sahibləri təşkil etməkdədir.

Ən çox dinlənilən radio 106.3 FM radiosudur.

Araşdırma nəticəsində məlum olmuşdur ki, azərbaycanlı sürücülər arasında ilk ağla gələn və ən çox dinlənilən radio 106.3 FM radiosudur.

Respondentlərə “Hansı radio kanalını dinləyirsiniz?” sualı soruşulmuş və fərqli cavablar alınmışdır. Respondentlərin 29.7% -i radio dinləmədiyini, 6.7% -i isə adını xatırlamadığını bildirmişdir.

Məlum olmuşdur ki, Azad Azərbaycan radiosu “ilk ağlan gələn” kanal sıralamasında 11% -lə birinci sıradadır. Onu az fərqlə, yəni, 10.1% -lə İctimai Radio izləməkdədir. Həmçinin, yenə az fərqlə İctimai Radionu 9.5% -lə Avto FM izləməkdədir. Ən sonuncu sırada isə 0.5% -lə Antenn FM yer almaqdadır.

Birdən çox cavab verən respondentlərin cavablarına nəzər yetirdikdə görə bilərik ki, Azad Azərbaycan radiosu daha çox səslənmiş və 21.8% -lə də birinci yerdədir. Onu bu səfər 18.6% -lə Media Fm izləməkdədir. 17.7% -lə Avto FM üçüncü yer, çox az fərqlə, yəni, 17.5% -lə İctimai Radio(90 FM) dördüncü yerdədir.

Antenn FM isə 2.5% -lə burada da sonuncu yeri tutmaqdadır.

 

Əvvəldə də bildirdiyimiz kimi araşdırma Bakı şəhəri və regionlar olmaq üzrə iki yöndə analiz olunmuşdur.

 Bakı şəhəri üzrə analiz:

Bakı şəhəri üzrə sorğuya, ümümilikdə araşdırmada iştirak etmiş 555 respondentin 455-i cəlb olunmuşdur.

Belə ki, 455 avtomobil istifadəçilərinin 29.9%-i radio dinləmədiyini, 5.3%-i isə dinlədiyi radionun adını xatırlamadığını bildirdi.

Sorğuda iştirak edən Bakı sakinlərinin 64.8%-i isə radio dinlədiyini qeyd etmiş və sadaladıqları radiolar arasında 11.4% ilə ilk ağla gələn radio Azad Azərbaycan radiosu olmuşdur. Ümumi nəticələrə baxdıqda, 4-cü sırada olan Media FM(105.5 FM) Bakı şəhəri üzrə analizdə 9.9% ilə 2-ci sırada yer almışdır. Onun ardınca isə ümumi nəticələrdə də üçüncülükdə olan Avto FM öz sırasını qorumaqdadır.

Spontan olaraq bir neçə cavab verənlər arasında Azad Azərbaycan radiosu yenə də 22.4%-lə öz birinciliyini saxlamaqdadır. Onu Avto FM 19.3% ilə ikinci, Media FM isə 18.9%-lə üçüncü olaraq izləməkdədir.

Maraqlıdır ki, Antenn FM burada da 2.2% ilə sonuncu olaraq yer alır.

 

Regionlar üzrə analiz:

Respondentlərdən 100 nəfərin yer aldığı regionlar üzrə olan sorğuda 29.0%-nin radio dinləmədiyini, 13.0%-nin isə adını xatırlamadığını söyləyib.

Dinlədiyi radionun adını deyən 58.0% respondent İctimai Radionun adın qeyd edib. Nəticədə, İctimai Radio 15.0% ilə birinci sırada yer alıb. Maraqlıdır ki,  sürücülərin dinlədiyi radio kanalları arasında  Azad Azərbaycan radiosu və Avto FM eyni faizlə(9.0%) ikinci sıradadırlar. Bakı şəhəri üzrə analizdə ikinci olan Media FM, regionlar üzrə olan sorğuda 6.0% ilə dördüncü yerə enib. Sonuncu yerdə isə 1.0% ilə Asan Radio yer alır.

Sorğuya bir neçə cavab verənlərin nəticəsində məlum olan bir digər maraqlı fakt isə İctimai radio və Azad Azərbaycan radiosunun 19.0%-lə eyni sırada, daha dəqiq desək, birinci sırada yer almasıdır. Üçüncü sıra 17.0% ilə Media FM-ə məxsusdur. Asan Radio burada da 1.0%-lə sonuncu sırada yer almışdır.

Mənbə: Markzone.az
Categories: Xəbərlər