Koronavirusun yayılması səbəbi ilə dünyada istehlakçıların ehtiyacları və davranışları gündən–günə sürətli şəkildə dəyişir.

Bakı sakinlərinin həyat tərzi  Azərbaycanlıların həyat tərzi adlı araşdırmaları sizlərlə ötən günlərdə paylaşmışdıq. İndi isə Business Insight şirkətinin karantin dövründə insanların davranışı haqqında öyrənmək məqsədli araşdırmasını təqdim edirik.

Araşdırma Bakı da daxil olmaqla Azərbaycanın 40 regionunda təsadüfi seçimlə seçilmiş 2620 respondent arasında klassik telefon sorğusu (CATİ) vasitəsilə həyata keçirilmişdir. Respondetlərin yaş ortalaması 39 olmaqla qadınlar və kişilərin sayı bərabərlik təşkil edir. Onu da qeyd edək ki, respondentlər arasında 26–35 yaş (36,4 %) aralığında olan şəxslərin sayı daha çoxdur.

Gəlin, karantin dövründə insanların davranışı mövzusunda edilmiş araşdırmanın nəticələrinə baxaq :

Araşdırmadan məlum olur ki, Azərbaycan əhalisi də bu qlobal tendensiyaya daxildir.  Bu dəyişkənlik sadəcə istehsalçıların deyil, eyni zamanda marketoloqların da işini çətinləşdirir. Aparılan sorğu göstərir ki, respondetlərin sadəcə 21 %-i  normal vaxtlardan çox alış–veriş etdiklərini bildirmişlər. Daha dəqiq desək Bakı sakini olan 580 respondentin 75 %-i Koronavirus hadisələrindən sonra normal vaxtlardan daha çox alış-veriş etdinizmi sualına xeyr cavabı vermişdir. Analoji suala regionlar üzrə baxsaq 2040 respondentin 81 %-nin də xeyr cavabı verdiyini görərik. Regionlar arasında Gəncə-Qazax zonasının daha çox təsirləndiyi də müşahidə edilir. Belə ki, respondetlərin 76 %-i xeyr cavabı vermişdir.

Koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı bir çox fikirlər və proqnozlarla tez–tez rastlaşırıq. Araşdırmanın bir digər mövzusu da bununla bağlıdır. Keçirilən sorğunun nəticəsində məlum olmuşdur ki, əhalinin hər iki nəfərindən biri pandemiyanın bitəcəyi vaxtı deməkdə çətinlik çəkir. Bura daxil olan respondentlər hesab edirlər ki, pandemiyanın nə qədər müddət davam edəcəyi barədə məlumat vermək və dəqiq fikir söyləmək düzgün deyil. Respondentlərin 34 %-i koronavirus hadisələrinin 1 ay ərzində bitəcəyini düşünür. Araşdırmada maraqlı bir fakt da var ki, cavab verməkdə çətinlik çəkənlərin arasında 47 %-lə kişilər çoxluq təşkil edir. Qadınlar dəqiq cavablarla yanaşı, 45 %-i 2 ay ərzində koronavirus hadisəsinin tamamilə bitəcəyini proqnozlaşdırıb. Cavab verməkdə çətinlik çəkən 1319 respondentin yaş aralığı  41–70 yaş aralığında olanların 60 % ilə çoxluq təşkil etdiyini görə bilərik. Xəritə üzərində baxsaq cavab verməkdə çətinlik çəkənlər arasında Lənkəran iqtisadi zonası üzrə daha çox yayıldığını görə bilərik. Daha spesifik desək Lənkəran üzrə respondentlərin 58 %-i bu kateqoriyaya daxildir.

Əhalinin məlumatlılığı

Koronavirus pandemiyası haqqında hər gün bir çox sosial şəbəkələrdə, TV kanallarında informasiyalar verilir. Araşdırma karantin dövründə insanların davranışı üzərində təsirə sahib olan faktorlar arasında bu faktoru da ələ alır. Sorğudan belə nəticəyə gəlirik ki, əhalinin əksəriyyəti Koronavirus xəstəliyi haqqında məlumatlı olduğunu hesab edir. Koronavirus xəstəliyi haqqında özünüzü nə dərəcədə məlumatlı hesab edirsiniz sualına respondentlərin 65,5 %-i özlərini məlumatlı, 30 %-i isə qismən məlumatlı hesab etdikləri cavabını vermişdir. Daha spesifik baxsaq Bakı şəhəri üzrə 580 respondentdən 97 %-i, regionlar üzrə isə 2040 respondentdən 95 %-i özünü məlumatlı hesab edir. Respondentlərin yalnız 5 %-i xəstəlik haqqında mılumatlı olmadığını bildirmişdir. Məlumatlı olan seqment arasında qadınlar və 41-70 yaş arası əhalinin sayı üstünlük təşkil edir. Bu həmin onların daha çox evdə zaman keçirməsi və TV daha çox izləməsi ilə əlaqədar hesab edilir. 

Koronavirus pandemiyasının trend suallarından biri də peyvənd məsələsidir. Bütün dünya əhalisi peyvəndin hazırlanmasını böyük maraqla gözləyir.

Bəs Azərbaycan əhalisi yerli peyvəndə nə dərəcədə güvənir?

Araşdırmada bu məsələyə də toxunulmuşdur. Gəlin, cavablara baxaq. Araşdırmada məlum olmuşdur ki, respondentlərin yalnız 27 %-i yerli peyvəndə inanırlar. 2,4 %-i isə ümumiyyətlə heç bir peyvəndə inanmadığını bildirir. 32 % respondent ümumiyyətlə bu suala cavab verməkdə çətinlik çəkib. Respondentlər arasındakı sorğu nəticəsində ikinci yerdə 12 %  ilə Rusiya, üçüncü yerdə isə 8 % ilə Türkiyə istehsalı peyvəndə  inandıqları qeyd edilmişdir. Bakı şəhərinin sakinləri olan respondentlər üçün ilk üçlükdə ilk Azərbaycan, daha sonra isə Rusiya və Almaniya istehsalı peyvəndlər yer alır. Regionlarımızda isə sıralama Azərbaycan, Rusiya, Türkiyə formasındadır. Rusiyanın adını çəkən respondentlər Şəki–Zaqatala bölgəsində çoxluq təşkil edir. Respondentlərin 5 %-i Çin istehsalı peyvəndə inandıqlarını bildirmişlər.

Narahatlıq

Pandemiya dövründə insanların əziyyət çəkdiyi sahələrdən biri də narahatlıqdır. İnsanlar sadəcə özləri üçün deyil, ailə və digər tanışları üçün də narahatlıq keçirməkdə, marketdən belə qayıdanda ailəsi üçün təhlükə rolunu oynayır ki bu da normal olaraq böyük narahatlığa səbəb olmaqdadır. Sorğu nəticəsində məlum olmuşdur ki, əhalinin təbii olaraq əksəriyyəti, yəni, 67.6%-i Koronavirus pandemiyasından narahatlıq keçirir. Maraqlıdır ki, hər 100 nəfərdən 28-i isə heç bir narahatlıq keçirmədiyini bildirib. Bir başqa fakt isə ondan ibarətdir ki, qadınların 74%-i narahatlığını bölüşdüyü halda, kişilərdə bu narahatlıq cəmi 61%-ə bərabərdir. Digər tərəfdən region sakinləri arasında bu narahatçılıq 70%, paytaxt sakinləri arasında isə 61%-dir. Xüsusilə də sərhəd zonada yaşayanların narahatçılığı daha çox görülməkdədir.

Ərzaq təminatı

Karantin dövründə insanların davranışı və narahatlıqlarına təsir edən bir digər xüsus ərzaq təminatıdır. Bu problem sadəcə Azərbaycan deyil, demək olar ki, bütün dünyada insanların narahatlığına səbəb olur.  Dəfələrlə insanların marketlərə axınının internetdən və ya canlı olaraq şahidi olmuşuq. Lakin keçirdiyimiz sorğuda Azərbaycan marketləri və çalışanları alqışlanmaqdadır. Araşdırma nəticələri göstərir ki, bütün çətinliklərə baxmayaraq marketlər izolyasiya tədbirləri ərəfəsində müştərilərə ərzaq təminatında demək olar ki, nöqsana yol verməyiblər. Respondentlərin 82.6%-i ərzaq təminatından razı qaldıqlarını bildiriblər. Xüsusilə, kişilərin və gənc nəslin bu mövzuda daha pozitiv mövqe sərgilədikləri müşahidə olunub.

Banklardan istifadə

Pandemiya dövründə banklardan istifadə də az deyil. Bu aralar bank xidmətlərindən istifadə edənlərin də əksəriyyəti banklarda onlara göstərilən xidmətdən məmnun olduqlarını dilə gətiriblər. Sorğuda iştirak edən 2620 nəfərdən yalnız 1132 nəfəri bank xidmətindən istifadə edib. Respondentlərin 30.9%-i bank xidmətlərindən razılığını bildirdiyi halda, 56.8%-i isə bank xidmətlərindən istifadə etmədiyi üçün məlumatı olmadığını bildirib. Xüsusilə kişilərin və yaşlı nəslin bank xidmətlərindən daha çox məmnun olduğu müşahidə olunmaqdadır.

Maraqlı nəticə aldığımız bir digər sorğunu da sizinlə bölüşmək istəyirik. Bu sorğu nəticəsində məlum olmuşdur ki, insanlar mobil operatorların xidmətlərini yüksək səviyyədə qiymətləndirib. Hər 100 nəfərdən az qala 90 nəfəri mobil operatorların bu ərəfədə daha yaxşı xidmət göstərdiyini vurğulayıb. Bakı və regionlar arasında bu razılıqda faiz cəhətdən elə də böyük fərq yoxdur.

Pandemiya dövründə insanlar zamanının çoxunu, böyük əksəriyyət isə demək olar ki, zamanının hamısını evdə keçirir. İnsanlar daha çox söhbət etməkdə və həmçinin internetdə daha çox vaxt keçirməkdədir. Marketlərdən, bank sektorundan və mobil operatorların xidmətlərindən fərqli olaraq internet xidmətləri göstərən provayderlərdən məmnunluğun yüksək səviyyədə olmadığı müşahidə olunmuşdur. Ümumi nəticə tablosuna baxanda məmnuniyyət daha çox müşahidə olunsa da İnternet xidmətlərindən məmnun olmayanalara da kifayətqədər rast gəlmək mümkündür. Hər 10 nəfərdən 4-ü məmnun görünsə də, hər 4 nəfərdən 1-i məmnun deyildir. Sorğuya cəlb olunan hər 10 nəfərdən 3-ü isə evində internet qoşulmasının olmadığını qeyd edib. Regionlar arası müqayisədə digər iqtisadi zonalara nisbətdə paytaxt və Aran bölgəsində yaşayanlar arasında İnternet xidmətlərindən məmnun olmayanalara daha çox rast gəlməkdədir.

Mənbə: Markzone.az 

 

Categories: Xəbərlər